Səfəvi-Şeybani müharibələri
Səfəvi-Şeybani əlaqələri — XVI əsrin əvvəlindən sonuna qədər davam etmiş əsasən müharibələrlə müşayət olunmuş əlaqələr.
Şeybanilər Teymurilər sülaləsinə qarşı mübarizə apardıqları zaman Şah İsmayıl İranı birləşdirib vahid dövlətə çevirməyə can atır və eyni zamanda Xorasanda baş verənləri də nəzarət altında saxlayırdı. O, özbəklərin Kermana, Astarabad və Xorasana etdikləri hücumları və Şeybanilərin təhlükə törədə biləcəklərini nəzərə alaraq ciddi tədbirlərə əl atmalı olduğunu başa düşür. Şeybək xanın Şah İsmayıla göndərdiyi məktubda da şe’r ilə hədəfinin tək İranın deyil, Məkkə və Mədinənin də işğal edəcəyi olduğu göstərilir.
Şeirin məzmunu:
İstəyimiz viran olmuş İraq mülkü deyil
Məkkə ilə Mədinəni almasam hesab deyil.
(Şeybək xan İraq dedikdə təzə təsis olmuş Səfəvi dövlətinin ixtiyarında olan Əcəm İraqını nəzərdə tutmuşdur).
Hicrətin 916-cı ilində İranın mərkəzində artıq heç bir çətinlik qalmamışdı. Fəzl Ruzbəhan bu haqda yazır: "İraq, Fars, Kerman, Azərbaycan və Ərəb İraqında Şah İsmayıla çətinlik törədə biləcək və başını qata biləcək elə bir qarışıqlıq qalmamışdı". Nəhayət, Şah İsmayıl Şeybək xanın sorağına gəlir və təkəbbürə malik olan Şeybək xan Şah İsmayıla göndərdiyi məktublarda ünvanına xoşagəlməz sözlər deyir və onu «kiçik nəzarətçi» adlandırırdı. O, Şah İsmayıldan İranda onun adına sikkə vurub Orta Asiya camaatının Həcc ziyarətinə getməyinə imkan verməsini tələb edirdi. Göndərdiyi məktubların birində yazırdı: "Cümə məscidlərində bizim hər yanı tutmağımız haqqında xütbə oxu və özün də bizim yüksək məqamımıza diqqət yetir, yoxsa..."
Belə bir təhqiramiz məktub hər bir tanınmış əmir üçün dözülməz bir iş idi. O ki, qaldı İranın mərkəzini birləşdirməyə nail olan və heç bir məğlubiyyətlə qarşılaşmayan Şah İsmayıl kimi qüdrətli bir sərkərdəyə. Qızılbaşlar ordusu hərəkətə gəldiyi zaman Şeybani əmirləri də Daməğan və Əstərabaddan Hərata doğru yola düşürlər. Qızılbaşların hücum xəbəri Şeybanilərə çatdıqda qorxuya düşür, hətta Şeybək xan Həratı tərk edib Mərvə qaçmağa məcbur olur. Qızılbaşlar ordusu Məşhədə daxil olur, oradan isə Sərəxsə və Mərvə gəlirlər.
Şeybanilərin ön döyüş xətti yolun yarısında qızılbaşlarla qarşılaşır və həmin döyüşdə məğlub olurlar. Beləliklə, Şah İsmayıl Mərvə doğru irəliləyir və əsas döyüş də elə orada baş verir. «Bir həftə ərzində Mərv böyük bir qətlgaha çevrilir və əhalinin üzündə qəm və kədər görünürdü». Nəhayət, Şah İsmayıl müvəqqəti geri çəkilməklə düşməni Mərvdən çıxmağa məcbur edir. Burada uğurlu hərbi fənd işlədərək düşməni Siyahrud çayının kənarından keçib açıq döyüş meydanına gəlməyə vadar edir. Bundan sonra Şah İsmayıl baş verən ağır döyüşdə Şeybək xanın ordusunu məğlub edir. Ordu darmadağın olunur və Şeybək xanın özü əl-ayaq altında qalaraq həlak olur. Ordunun qalan hissəsi ya öldürülür, ya da əsir götürülür. Beləliklə, özbəklər ilk dəfə olaraq qızılbaşlardan məğlubiyyətin nə olduğunu dadmalı olurlar. Şah İsmayıl Şeybək xanın başını bədənindən ayırıb dərisini soyduqdan sonra onu samanla doldurtdurub Rum padşahı Sultan Bayazidə göndərməyi əmr edir.
Şeybək xanın canişini Ubeyd xan Mərv yaxınlığına çatdığı zaman artıq özbək ordusu tamamilə darmadağın edilmiş və Xorasan Şah İsmayılın ixtiyarına düşmüşdü. Belə bir şəraitdə Ubeyd xan Buxaraya qayıtmağa məcbur olur. Beləliklə, özbəklərin hay-küyü bir müddət yatır və işğalçılıq fikrindən daşınmalı olurlar. Şah İsmayıl isə hakim təyin edib özü Hərata qışlağa gəlir. Bir müddətdən sonra Orta Asiyaya-Mərəmənə şəhərinə gəlir və orada ona Şeybək xanın oğlu Buxara hakimi Ubeyd xandan və Səmərqənd hakimi Sultan Teymur tərəfindən külli miqdarda hədiyyələr göndərilir. Şah İsmayıl daha sonra İranın mərkəzinə qayıdır və bir müddət Qum və Savədə qalmalı olur. Həmişə olduğu kimi, Hərat iki hissəyə bölünmüşdü. Onların bir hissəsi şiə məzhəbinə, başqa bir hissəsi isə sünni məzhəbinə mənsub idi. Hərçənd oranın sünniləri də şiə məzhəbinə meyilli idilər. Şeybanilərin oraya hakim olduqları dövrdə şiə məzhəbinə mənsub olanların böyük hissəsinin qanı amansızcasına tökülmüş və səbəbsiz olaraq əhali qətliam olunmuşdu. İndi isə buraya artıq Şah İsmayıl hökmranlıq edir və Şeybanilərin intiqamını almaq məqsədilə şiələrin qətlində iştirak edən sünniləri bir-bir ələ keçirir və onları edam edirdi. Onlardan biri də uzun müddət həmən məntəqədə müftilik etmiş "Şeyxul İslam Hərati" olmuşdur. Az sonra Hərat yenidən özbəklərin əlinə düşdüyü üçün şiələrə olan münasibət yenidən gərginləşir və kütləvi soyqırımlar başlanır. H.q. 919-cu ildə Teymur, Şeybək xanın oğlunu məğlub etdikdən sonra Rumlunun dediyinə görə "Şiələrin böyük bir hissəsi qətlə yetirildi".
Şah İsmayıl özbəklərin Xorasanın gələcəyi üçün təhlükə törədə biləcəklərindən xəbərdar idi. Bunun üçün də Kabul hakimi Babər şahla sıx əlaqə yaradıb özbəkərin fəaliyyətlərini məhdudlaşdırmaq fikrinə düşür. Babər şah göstərdiyi şücaətlər nəticəsində Bədəxşana hakim olur və bununla da Şah İsmayılın diqqətini özünə daha da cəlb etməyə başlayır. O, Şah İsmayıldan ona kömək edəcəyi təqdirdə on iki imamın adına sikkə vurduracağını və xütbə oxuyacağını bildirir.
H.q. 918-ci ildə özbəklər ilə Nəcəf Sani kimi tanınan Əmir Yar Əhməd İsfahaninin rəhbərlik etdiyi qızılbaş ordusu arasında şiddətli döyüş baş verir. Döyüşdə Şah İsmayılın cəsur sərkərdəsi qətlə yetirilir. Tarixçilərin yazdıqlarına görə Özbəkistanın məğlub olmasına səbəb olan ən başlıca amil onun hədsiz qürur və təkəbbürü olur. O əvvəl Bəlxə hücum edərək oranı fəth edir və əhalisini amansızcasına qətlə yetirir. Hətta məscidə pənah gətirən seyidlərə belə rəhm etməyib qətlə yetirir. Sonra Buxaraya yola düşür və orada qızılbaşlarla döyüşdə məğlub olur və Nəcm Sani əsir götürülərək
Ubeyd xanın göstərişi ilə qətlə yetirilir. Bundan sonra isə özbəklər Hərata gəlir və oranı fəth edə bilməyib geri qayıdırlar. Nəcm Saninin ölümü və özbəklərin yenidən Xorasana hakim olması Şah İsmayıla ağır gəlir. Bu səbəbdən də bir il sonra böyük bir qoşunla İsfahandan Xorasana yola düşür. Şah İsmayıl Məşhədə yaxınlaşdığı zaman Ubeyd xan Buxaraya, Sultan Teymur isə Səmərqəndə qaçır. Oradan isə Badğeylə gəlir və oranın əhalisinin onun döyüşdən qaçan əsgərlərini öldürdüklərindən xəbər tutub onların qətliam olunmalarını əmr edir. Beləliklə, Şah İsmayıl Xorasanı tamamilə ələ keçirir və öz adamlarını şəhərlərə vali təyin edib yenidən İsfahana qayıdır. İsfahan uzun müddət Səfəvi dövlətinin müvəqqəti paytaxtı olur və Şah İsmayılın oğlu Təhmasib h.q. 920-ci ildə həmən şəhərin Şəhabad adlı kəndində dünyaya gəlir. Ubeyd xan h.q. 927-ci ildə otuz minlik qoşunla yenidən Hərata hücum edir, oranı mühasirəyə alır və şəhəri ələ keçirə bilmədən Buxaraya qayıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Rəsul Cəfəri. Səfəvilər tarixi (zühurdan süqutadək). İki cilddə. 2 cild. Bakı. "Şəhriyar". 2007. səh. 26-29 Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine