Səmiz Əli Paşa
Səmiz Əli Paşa | |
---|---|
| |
12 iyul 1561 – 29 iyun 1565 | |
Əvvəlki | Rüstəm Paşa |
Sonrakı | Sokullu Mehmed Paşa |
22 aprel 1549 – dekabr 1553 | |
Əvvəlki | Davud Paşa |
Sonrakı | Dukakinzadə Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyun 1565[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Səmiz Əli Paşa (osm. سيمز علي پاشا — Semiz Ali Paşa; Bosniya əyaləti – 29 iyun 1565[1], İstanbul, Osmanlı imperiyası) — Qanuni Sultan Süleyman səltənətində 3 il 11 ay 17 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.[2][3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Doğum tarixi tam bilinmir. Əslən xorvat olan Poturoğulları ailəsinə mənsub olub, Bosniya əyalətinə bağlı Praca qəsəbəsində doğuldu.[4] 1520-ci illərdə devşirilərək İstanbula gətirildi və sədrəzəm Parqalı İbrahim Paşanın kəndxudası olan qohumu Çeştə Balinin yardımıyla saraya alındı.
Əndərunda təlim-tərbiyə edilən Əli Paşanın saraydakı ilk xidmətləri barədə yetərli məlumat yoxdur. 1545-ci ildə miri-aləm, 1546-cı ildə yeniçəri ağası oldu. Ardından Rumeli bəylərbəyi, 22 aprel 1549-cu ildə isə vəzir rütbəsilə Misir bəylərbəyi təyin edildi.[5] Burada keçirdiyi xidmət illəri boyunca yerli əhalinin etibarını və rəğbətini qazanan Əli Paşa 1553-cü ilin dekabrında ikinci vəzirliyə yüksəldi və bu vəzifəylə Səfəvilər üzərinə davam edən səfərə çağırıldı. Səfərin sonunda aparılan Amasya sülhü danışıqlarında iştirak etdi.
12 iyul 1561-ci ildə vəfat edən sədrəzəm Rüstəm Paşanın yerinə sədarətə yüksəldi. Bu vəzifəyə yüksəldikdən sonra Avstriya ilə münasibətləri yaxşılaşdırdı. Sələfinin dövründə basqı altında saxlanılan Avstriya elçiləri üzərindəki nəzarəti aradan qaldırdı. Paytaxtda yayılan vəba epidemiyası səbəbilə dövrün Avstriya elçisi Busbekin Böyükadada məskunlaşmasına icazə verdi və davam edən sülh danışıqlarının müqaviləylə nəticələnməsinə nail oldu.[6] Beləliklə, Avstriya ilə 8 il davam edən bir sülh müqaviləsi bağlandı. Sədarəti dövründə baş tutan ən mühüm hadisələrdən biri də Malta adasının mühasirəsi oldu. Belə ki, Malta cəngavərlərinin Aralıq dənizində səyahət edən müsəlman hacı və tacirlərə hücum etməsi səbəbilə adanın alınmasına qərar verildi. Lələ Mustafa Paşa sərdar, Piyalə Paşa isə kaptan-ı dərya olaraq bu adanın fəth edilməsiylə vəzifələndirildi. Ölümündən bir müddət öncə Avstriya ilə münasibətlər yenidən gərginləşsə də, sülh tərəfdarı olan Əli Paşanın səyləri nəticəsində tərəflər arasında sülh təmin edildi. Bir çox Avstriya tarixi mənbələrində Əli Paşanın ölümünün Osmanlı-Avstriya münasibətlərinin kəskinləşməsinə və Sigetvar səfərinə səbəb olduğu göstərilir.[7]
Əli Paşa sədarətində 20 sentyabr 1563-cü ildə baş verən sel fəlakəti paytaxt İstanbulda olduqca ağır fəsadlar törətdi. 24 saat boyunca davam edən bu fəlakət nəticəsində dərə yataqları və ətrafındakı tikililər dağıldı, su kanalları selin gətirdiyi tullantılarla yararsız hala düşdüyü üçün paytaxtda içməli su problemi yarandı.
29 iyun 1565-ci ildə vəfat edən Səmiz Əli Paşa Əyyubsultan türbəsinin yaxınlığına dəfn edildi. Mehmed adlı bir oğlunun olduğu bilinir. Tarixi mənbələrdə hündür boylu və kök biri olaraq təsvir edilən Əli Paşanı daşıması üçün çətinliklə at tapılırdı. Geridə xeyli qənimət qoyan Əli Paşanın bir çox xeyriyyə işləri də var. Memar Sənanın əsəri olan İstanbuldakı Cədid Əli Paşa məscidi, Ədirnədə yenə Memar Sənan əsəri olan Əli Paşa çarşısı və yaxınlığındakı məscid, Cədid Əli Paşa mədrəsəsi, Silivridə bir məscid, İstanbulun fərqli yerlərindəki 4 çeşmə məhz onun sifarişiylə inşa edilib.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Başbakanlık Osmanlı Arşivi, Kâmil Kepeci Tasnifi, nr. 717, s. 46.
- Celâlzâde Mustafa Çelebi, Tabakātü’l-memâlik ve derecâtü’l-mesâlik (nşr. P. Kappert), Wiesbaden 1981. vr. 446b, 451b, 453b, 454a, 494b.
- Âlî Mustafa Efendi, Künhü’l-ahbâr, İÜ Ktp., TY, nr. 5959, vr. 343a-b.
- Selânikî Mustafa Efendi, Târih (nşr. Mehmet İpşirli), I-II, İstanbul 1989. s. 1-8.
- Lokmân b. Hüseyin, Zübdetü’t-tevârîh, TİEM Ktp., nr. 1973, vr. 64a, 71b, 72b.
- S. Gerlach, Türkiye Günlüğü 1577-1578 (ed. Kemal Beydilli, trc. T. Noyan), İstanbul 2007, II, 723, 820.
- Târîh-i Peçevî, I-II, İstanbul 1281-83 → İstanbul 1980. I, 24, 410.
- N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, II, 125.
- İsmet Yıldırım, Semiz Ali Paşa (mezuniyet tezi, 1956), İÜ Ed.Fak.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Samardžić R. Mehmed Sokolovitch: le destin d'un grand vizir.
- ↑ Mehmed Süreyyâ, Sicill-i Osmânî, I-IV, İstanbul 1308-16 → Heppenheim-Bergstrasse 1971, III, 499; IV, 87.
- ↑ Osmanzâde Ahmed Tâib, Hadîkatü’l-vüzerâ, İstanbul 1271 → Freiburg 1969 (zeyilleri ile beraber), s. 31-32.
- ↑ H. Dernschwam, İstanbul ve Anadolu’ya Seyahat Günlüğü (trc. Yaşar Önen), Ankara 1987, s. 280-282, 289, 292.
- ↑ Feridun Emecen – İlhan Şahin, “Osmanlı Taşra Teşkilâtının Kaynaklarından 957-958 (1550-1551) Tarihli Sancak Tevcîh Defteri”, Türk Tarih Kurumu Belgeler, Ankara 1964 – XIX/23 (1998), s. 96.
- ↑ O. G. de Busbecq, Türkiye’yi Böyle Gördüm (trc. Aysel Kurutluoğlu), İstanbul, ts. (Tercüman 1001 Temel Eser), s. 67, 167-186.
- ↑ J. W. Zinkeisen, Geschichte des Osmanischen Reiches in Europa, I-VII, Hamburg 1840-63, II, 890-898; III, 90.