Makedoniyalı II Filip

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Makedoniyalı II Filip
q.yun. Φίλιππος Β΄
Şəxsi məlumatlar
Doğum tarixi ən tezi e.ə. 383ən geci e.ə. 382
Doğum yeri
Vəfat tarixi e.ə. 336[1][2][…]
Fəaliyyəti monarx
Uşaqları
Dini Qədim Yunanıstan dini
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Filipp(yun. Φίλιππος Β', E.ə. 382-E.ə. 336) — e.ə. 359e.ə. 336-cı illərdə hakimiyyətdə olmuş Makedoniya çarı.

Makedoniyada vəziyyət II Filippin (e.ə. 359-336) hakimiyyəti illərində stabilləşir və qüdrətli monarxiya yaranır. II Filipp tərəfindən həyata keçirilmiş siyasi-hərbi islahatlar nəticəsində orduda başlıca rol falanqaya verilmişdi. Bir-birinin arxasında 16 sıra ilə düzülmüş, qılınc, qalxan və iki metrlik nizələrlə silahlanmış Makedoniya falanqası o dövrkü hərbi qaydanın ən mükəmməl nümunəsi hesab edilirdi. Qalxanlarla mühafizə olunub, uzun nizələrlə düşməndən özünü qoruyan Makedoniya falanqasının hücumu düşməndə vahimə yaradırdı. Ağır silahla silahlanmış süvari alayları isə ictimai tərkibi etibarı ilə Makedoniya zadəganlarından ibarət idi. Makedoniya falanqalarının sağ və sol cinahında duran yüngül silahlı piyada və atlı alaylar falanqanı düşmənin mühasirəyə almasından müdafiə edirdi. Bu muzdlu alaylar tərkib etibarı ilə yunan, Frakiya, İlliriya və başqa tayfaların nümayəndələrindən ibarət olmuşdu. Make¬doniya qoşununda döyüş texnikasından – taran və katapultadan da məharətlə istifadə edilirdi.

II Filippin islahatları içərisində iqtisadi islahatın da böyük əhəmiyyəti var idi. Makedoniya çarı Strimon çayı yaxınlığındakı qızıl və gümüş mədənlərini ələ keçirməklə böyük sərvət sahibi olmuş və ildə 1000 talant qızıldan artıq gəlir əldə etmişdi. Tədricən Makedoniya pul vahidləri olan qızıl və gümüş sikkələr Aralıq dənizinin şərq rayonlarında həqiqi mübadilə vahidinə çevrilərək İran darikləri (qızıl pul vahidi) ilə paralel olaraq işlədilməyə başlanmışdı.

II Filippin iqtisadi islahatı ölkənin ticarət əlaqələrinin inkişafına xeyli təkan vermiş, əldə edilmiş pul vəsaitləri Makedoniya ordusunun gələcək hərbi müvəffəqiyyətlərində böyük rol oynamışdı. Digər tərəfdən ticarətin inkişafı Makedoniyanın beynəlxalq əlaqələrinin güclənməsinə də müsbət təsir göstərmişdi.

II Filip tərəfindən qüdrətli ordunun yaradılması və çoxlu sərvətlərin əldə edilməsi Makedoniyanın işğalçılıq siyasətinə təkan vermişdi. II Filippin planlarında dənizə çıxmaq və Yunan polislərinin tabe edilməsi mühüm yer tuturdu. Qısa müddətdə Makedoniya dəniz sahilindəki Amfipola və Frakiyanın dəniz sahili rayonlarının çoxuna sahib olur və bununla da əslində qüdrətli dəniz dövlətinə çevrilir. II Filippin malik olduğu donanma öz döyüşkənliyi və gücü ilə seçilirdi. Bu donanmanın köməyi ilə Makedoniya quru döyüşlərində də böyük uğurlar qazanmışdı.

II Filippin xarici siyasət uğurları ona Yunanıstanın daxili işlərinə qarışmaq imkanı vermişdi. Bunun üçün bəhanə lazım idi ki, e.ə. 355-ci ildə "müqəddəs müharibə"nin başlanması nəticəsində belə bəhanə əldə edildi. Məlum olduğu kimi, yunan şəhərləri arasında münaqişələr mütəmadi xarakter daşıyırdı və mübahisələrin başlıca səbəbi torpaq və sərhəd məsələləri ilə bağlı olmuşdu. Bu qəbildən olan münaqişələrdən biri də e.ə. 355-ci ildə Fiv və Fokida arasında olmuşdu. Münaqişəyə səbəb fokidalıların Delfi məbədi torpaqlarını şumlaması olmuşdu. Fivin və onun müttəfiqlərinin ittihamına cavab olaraq fokidalılar gözlənilmədən Delfiyə hücum etdilər və 10.000 talanta malik olan Apollon məbədinin xəzinəsini ələ keçirdilər. Qısa müddət ərzində bu ixtilaf ümumellin xarakteri almış və on il davam etmiş "müqəddəs müharibə"yə çevrilmişdi. Münaqişədə II Filipp fivlilərin tərəfindən keçir, fokidalıları və onların mütəffiqlərini məğlub edir. "Müqəddəs müharibə"də Makedoniya çarının əldə etdiyi qələbə ona Şimali Elladada möhkəmlənmək imkanı vermişdi. Filippin işğalçılıq siyasəti bütün yunan polislərini təşvişə salmağa başlamışdı.

Tədricən Yunanıstanda Makedoniyaya qarşı siyasi ittifaq formalaşmağa başlamışdı ki, bu ittifaqa Afina başçılıq edirdi. Afina demokratiyasının rəhbəri qədim yunan dövrünün görkəmli siyasi xadimlərindən və natiqlərindən olan Demosfen idi. Lakin yunan polisləri arasında həmrəyliyin olmaması Demosfenə II Filipə qarşı uğurla mübarizə aparmağa imkan vermirdi. Makedoniya diplomatiyası Yunan şəhərləri arasında narazılığı bir qədər də gücləndirir, Oliqarxiyanı öz tərəfinə çəkməklə antimakedoniya partiyasının mövqelərini sarsıdırdı. II Filipin başlıca siyasi vasitəsi pulun gücü ilə hakim siniflərin seçilmiş nümayəndələrini ələ almaq yunan şəhərləri arasındakı mübarizədə həmişə zəifin tərəfində durmaqdan ibarət idi.

Makedoniya və antimakedoniya partiyaları arasında hərbi-siyasi mübarizə Afinada xüsusilə şiddətli forma almışdı. Afinada Makedoniya partiyasının başında dövrün görkəmli xadimləri olan Esxin, İsokrat, Filokrat, Fokion və başqaları dururdular. Bu partiyanın tərəfdarları Yunanıstanda normal iqtisadi və siyasi həyatı bərpa etmək üçün nəyin bahasına olursa-olsun yunan polislərini birləşdirmək, bununla da İrana qarşı mübarizədə zərbə qüvvəsi yaratmaq, yunan sənətkarlığı və ticarəti üçün meydan əldə etməklə yanaşı Yunanıstanı "artıq adamlardan" (şəhər yoxsullarından) qurtarmaq istəyirdilər. Makedoniya partiyası liderlərinin fikrincə, Yunanıstanı birləşdirib İrana qarşı şərq yürüşünə apara biləcək yeganə qüvvə II Filipp idi.

Demosfen də Yunanıstanın birləşdirilməsi tərəfdarı idi. Lakin o, II Filippin ətrafında deyil, II Filippə qarşı birləşməyin tərəfdarı idi. Lakin, yunan polisləri daxilindəki parçalanma buna imkan vermirdi. Yaranmış şəraitdən istifadə edən II Filipp e.ə. 348-ci ildə Olinf şəhərini tutaraq əhalisinin xeyli hissəsini qul edib satır, bir hissəsini ilə qırır. E.ə. 346-cı ildə yunan şəhərləri ilə Filokrat sülhü imzalanır. Sazişə görə Afina böyük itki verir, II Filipp isə Orta Yunanıstanın açarı olan Fermopil keçidini ələ keçirərək Delfi Amfiktioniyasının üzvü olur. Lakin bu uğurlar uzun sürmür, belə ki, e.ə. 340-cı ildə bizans yaxınlığındakı dəniz döyüşündə Yunan şəhərlərinin birləşmiş donanması II Filippi ağır məğlubiyyətə uğradır.

Lakin Bizans məğlubiyyətinin əvəzini çıxmaq və itirilmiş hərbi nüfuzunu bərpa etmək üçün II Filipp skif çarı Atey ilə müharibəyə başlasa da döyüş əməliyyatları gah bu, gah da qarşı tərəfin üstünlüyü ilə səciyyələnən yorucu müharibə xarakteri alır və makedoniyalilara uğur gətirmir. II Filip yenidən diqqəti diplomatiyaya yönəldir və müttəfiqlər arası münasibətləri pozmaq üçün intriqaya əl atır ki, bunun nəticələri özünü çox da gözlətmir. E.ə. 339-cu ildə yunan şəhər-dövlətləri arasında başlanmış ikinci "müqəddəs müharibə"də iştirak edən II Filipp qısa müddətə Orta Yunanıstanda möhkəmlənir və itirilmiş mövqelərini bərpa etməyə müvəffəq olur. Bu isə yenidən yunan şəhərlərini II Filippə qarşı birləşməyə vadar edir. Afina, Fiv, Korinf və başqa şəhərlər II Filippə qarşı koalisiya yaradır, böyük qoşun toplayaraq Makedoniya ilə müharibəyə hazırlaşırlar. E.ə. 338-ci ilin payızında Beotiyadakı Xeroneya şəhəri yaxınlığındakı döyüşdə Fiv və Afina qoşunlarının zərbə qüvvəsi darmadağın edilir. Qüvvələr arasında təxmini bərabərliyin olmasına baxmayaraq (Filippin 30 min piyada, 2 min süvari qoşunu var idi, müttəfiqlərin qoşunlarının sayı isə bir qədər artıq idi)qələbə sayla yox, bacarıqla əldə edilir. Döyüşdə II Filippin oğlu 18 yaşlı İsgəndər ordunun sol cinahına komandanlıq edirdi. II Filipp sonralar demişdi ki, Xeroneya döyüşü zamanı İskəndər mənim sol cinahımda idi, lakin sağ əlim idi. Onun sol cinahdan başladığı hücum mənim mərkəz və sağ cinahdakı qələbəmə gətirib çıxardı və bununla da yunan polislərinin birləşmiş qüvvələri əvvəlcə geri oturuldu, sonra isə darmadağın edildi.

Xeroneya döyüşü Yunanıstanın tarixi taleyində böyük dönüşə səbəb oldu. Mənbələrdə deyilirdi ki, Xeroneya döyüşündə həlak olanların cəsədlərinin yığılıb basdırılması ilə Yunanıstanın da istiqlaliyyəti və azadlığı da dəfn edildi. Bununla da bütün Yunanıstan II Filippin hakimiyyəti altına düşdü. Yunan dövlətlərinin çoxunda hakimiyyət başına Makedoniya tərəfdarları olan oliqarxlar gəlirlər və e.ə. 337-ci ildə Korinfdə bütün yunan dövlətlərinin və Makedo-niyanın iştirak etdiyi sinedrion (ümumi iclas) adlanan məşhur Panellin konqresi çağrılır. Konqres ümumi sülh elan edir, yunan şəhərləri arasında müharibələr qadağan olunur və Panellin ittifaqı təsis olunur. Konqresdə qəbul edilmiş bir sıra yeniliklərin içərisində İrana müharibə elan edilməsi mühüm yer tuturdu. Konqresdən sonra II Filipp Panellin ittifaqının hegomonu olur. II Filipp bütün Eladanı siyasi cəhətdən birləşdirə bilmiş, bununla da faktiki olaraq Yunanıstan Makedoniya¬nın hegomonluğu altına keçmişdi.

Yunan şəhər-polisləri arasında davam edən müharibələr onları zəiflədir, ayrı-ayrı polislərin hegomonluq cəhdləri isə onlara qarşı digər polislərin koalisiyasının yaranmasına səbəb olurdu ki, nəticədə bir neçə yunan dövləti aparıcı qüvvəyə çevrilə bilmirdi. Makedoniyanın üstünlüyü onda idi ki, burada quldarlıq cəmiyyətinin ziddiyyətləri hələ bir o qədər kəskin xarakter almamışdı. Bu da Makedoniyanın Yunanıstan üzərində üstünlüyünü təmin etdi. Makedoniyanın qələbəsinin səbəblərindən digəri onun qüdrətli orduya malik olması və dövlətin başında II Filipp kimi mahir diplomat və görkəmli sərkərdənin durması idi.

II Filipp Yunanıstanın birləşdirilməsi uğrunda mübarizədə bütün vasitələrdən, diplomatiyadan, hərbi gücdən, intriqadan və pulun köməyindən məharətlə istifadə edirdi. O, bəzən kinayə, bəzən də obrazlı şəkildə deyirdi ki, "qızıl yüklənmiş uzunqulağın dunyada aşıb-keçə bilmədiyi qala divarları yoxdur". Məlum olduğu kimi, yunan şəhərlərinin hamısında Makedoniya tərəfdarları var idi və II Filipp onların yardımından hərtərəfli şəkildə istifadə etməyi bacarırdı. Öz tərəfdarları vasitəsilə hər hansı polisin elitası satın alınır, bu isə şəhərin ictimai həyatına təsir göstərir, hətta Makedoniya ordusu hücuma keçəndə şəhərin qala qapıları onların əli ilə açılırdı. Hər hansı şəhər tutulduqdan sonra II Filipp şəhərin əhalsinin ümumi yığıncağını çağırır və çıxış edərək baş verənlərlə bağlı əhalini məlumatlandırırdı. Şəhər əhalisi isə xəyanətkarların cəzalandırıl¬masını tələb etdikdə, onları hamının gözü qarşısında edam etdirir və edam olunmuşların əmlakını ələ keçirməklə bir növ müharibənin xərcini ödəyirdi.

II Filippin Şərq yürüşü e.ə. 336-cı ildə başlanır. Makedoniya sərkərdələrindən Parmenion və Attalın başçılıq etdiyi yunan ordusu Kiçik Asiyaya daxil olur. Lakin Makedoniyada baş vermiş hadisələr tezliklə yürüşün dayandırılmasına səbəb olur. Belə ki, hələ e.ə. 337-ci ildə II Filipp özünün birinci arvadı – İsgəndərin anası Olimpiadadan ayrılmış və Makedoniya zadəganlarının nəslindən olan Kleopatra ilə evlənmişdi. Olimpiada isə qardaşı Epir çarı Aleksandrın sarayına qayıtmışdı. Lakin e.ə. 336-cı ildə II Filipp qızının toy məclisində mühafizəçilərindən Pavsani tərəfindən öldürülür. Ölümün səbəbləri ilə bağlı müxtəlif versiyaların olmasına baxmayaraq, ehtimal ki, İran şahı III Daranın bu məsələdə əli olmuşdur.

  • Вестник Древней Истории. М., 1952 -1970
  • Геродот. История в девяти книгах. Л., 1972
  • История Александра Македонского. М., 1971
  • История Дипломатии, изд. II, т.1. М., 1959
  • История Древнего Мира. В 3-х т.2. М., 1989
  • История Древней Греции / Под ред. В.И.Авдиева, А.Г. Бокщанина, Н.Н.Пикуса. М., 1971
  • Программа курса "История Древнего Мира". М., 1981
  • Хрестоматия по истории Древнего мира / Под редакции В.Г.Боруховича. Саратов, 197
  1. Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  2. Philip II of Macedon // World History Encyclopedia (ing.). 2009.
  3. Любкер Ф. Arrhidaeus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 160.
  4. Александр Великий (rus.). // Военная энциклопедия СПб: Иван Дмитриевич Сытин, 1911. Т. 1. С. 284–291.
  5. Любкер Ф. Olympias (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 950–951.
  6. 1 2 Любкер Ф. Philippus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1027–1029.
  7. Filip II de Macedònia // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]