Kontrabas (musiqi aləti)
Kontrabas | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 321.322-71 |
Vikianbarda əlaqəli mediafayllar |
Kontrabas (it. contrabbasso) — musiqi aləti.
Bu alət Kontrabas Violone adı verilən Renesans musiqi alətindən törəmişdir. 16-cı əsrdən 18-ci əsrə qədər dəyişim dövrü keçmişdir. 18-ci əsrin ikinci yarısında bugünkü halını almışdır. Hündürlüyü 1.80 eni 60 sm olan kontrabas bu ölçüləri səbəbindən ayaqda yaxud hündür stula əyləşərək çalınır.
Kontrabas simli kaman alətləri arasında öz ölçüsünə görə ən böyük və ən bəm səslənən alətdir. Zahirən o, violonçelə bənzəyir. Texniki cəhətdən kontrabas orkestrin digər simli kaman alətlərinə nisbətən xeyli ağırdır. Həm də onun qalın simlərinin səslənməsi violino, viola və violonçelə nisbətən daha az ahəngdardır. Buna görə də kontrabasda müstəqil solo partiyalar nisbətən az çalınır. Lakin simli alətlər qrupunun və ümumiyyətlə bütün orkestrin bünövrəsi, əsası kimi kontrabasların əhəmiyyəti çox böyükdür.
Öz qohum alətlərindən fərqli olaraq, kontrabasın simləri kvinta intervalı üzrə deyil, kvarta intervalı üzrə köklənir: böyük oktavanın "sol", "re" və kontroktavanın "lya", "mi" səslərində. Onun diapazonu kontroktavanın "mi" səsindən birinci oktavanın " sol" səsinə kimidir.
Bəzən ənənəvi kontrabaslarla yanaşı, 5-simli kontrabasdan da istifadə edilir. Onun 5-ci simi kontroktavanın "do" ( və ya subkontroktavavnın "si") səsində köklənir və buna görə də alətin diapazonu həmin səsə qədər genişlənir.
Kontrabas transpozisiyalı alətdir və not yazılışına nisbətən bir oktava bəm səslənir (çox vaxt kontrabas və violonçel partiyaları birləşdirilir, yəni unison yazılır, lakin bayaq qeyd etdiyimiz cəhətə görə kontrabaslar violonçellərə nisbətən bir oktava aşağı səslənir).
Kontrabas üçün təbii ki, bas açarı istifadə olunur, lakin nadir hallarda digər açarlardan da istifadə oluna bilər.