Hüseyn İbrahimov (yazıçı)
Hüseyn İbrahimov | |
---|---|
Doğum tarixi | 23 may 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 10 aprel 2008 (88 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
İlk əsəri | "O, düşməndə qoymadı anasının qanının" |
Mükafatları |
|
Hüseyn Məmmədəli oğlu İbrahimov (23 may 1919, Şahtaxtı, Naxçıvan qəzası – 10 aprel 2008, Naxçıvan) — Azərbaycan nasiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1952), Azərbaycanın Xalq yazıçısı (1998).[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir.[1]
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Əmək fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Hüseyn İbrahimov əmək fəaliyyətinə 1940-cı ildə Şərur rayon Sədərək kənd orta məktəbində müəllim kimi başlamışdır. Sonra o, 1941–1943-cü illərdə Azərbaycan LKGİ Noraşen (indiki Şərur rayonu) rayon komitəsinin birinci katibi, 1943–1947-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol komitəsinin katibi olmuşdur. H.İbrahimov 1947–1949-cu illərdə "Şərq qapısı" qəzetinin redaksiyasında redaktor müavini, 1949–1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir.
O, 1954–1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960–1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961–1965-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. Hüseyn İbrahimov 1965–1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970–1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, 1975–1980-ci illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır.[1]
Ədəbi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan Hüseyn İbrahimov ədəbi yaradıcılığa 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "O, düşməndə qoymadı anasının qanının" adlı ilk şeiri ilə başlamışdır. Bundan sonra o, öz hekayələrini dövri mətbuatda müntəzəm olaraq çap etdirmişdir. Onun 1950-ci illərdən etibarən qələmə aldığı hekayə, povest, roman və pyeslər müasirlərimizin mənəvi zənginliyini əks etdirən dolğun sənət nümunələridir. Hüseyn İbrahimov "Qu quşları öləndə oxuyurlar" əsərini və Hüseyn Cavidə həsr etdiyi "Böhtan" adlı romanını 1998-ci ildə başa çatdırmışdır.
Ədibin əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Həmçinin Əziz Nesinin (Türkiyə), Murad Sibainin (Suriya), Şixata Ubeydin (Misir) və Abdulla Qəhharın (Özbəkistan) bir sıra hekayələrini dilimizə çevirmişdir. Onun "Torpağın övladları" və "İtirilən sağlıq" pyesləri tamaşaya qoyulmuşdur. Hüseyn İbrahimov SSRİ yazıçılarının II və III qurultaylarında nümayəndə kimi iştirak etmişdir. O, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi və Azərbaycan Yazıçılar İttifaqı plenemuna dəfələrlə üzv seçilmişdir.[1]
İctimai fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Hüseyn İbrahimovun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, üç çağırış Naxçıvan Ali Sovetinin və bir çağırış Naxçıvan Ali Məclisinin deputatı, 1963-cü və 1967-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmişdir. İbrahimov SSRİ "Bilik" cəmiyyəti nümayəndə heyətinin tərkibində 1967-ci ildə Finlandiya və Danimarka ölkələrinə, Azərbaycan mədəniyyət işçiləri nümayəndə heyətinin rəhbəri kimi isə 1975-ci ildə İtaliya və Əlcəzair ölkələrinə səfər etmişdir. 1992, 1994 və 1996-cı illərdə Naxçıvan MR Ali məclisinin nümayəndə heyətinin tərkibində İran İslam Respublikasında olmuşdur.[1]
Əsərləri
[redaktə | vikimətni redaktə et]- Kamalın ad günü (1957)
- Gülzar (1958)
- Baharın hekayəsi (1958)
- Zərifənin çiçəkləri (1960)
- Şirin xatirə (1963)
- Göyərçinin məhəbbəti (1964)
- Sabahın sorağında (1966)
- Seçilmiş əsərləri (1974)
- Günəş doğan yerdə (1976)
- Nəciblik (1979)
- Bahar yağışı (1983)
- Səhv edəndə (1985)
- Əsrin onda biri (1987)
- Seçilmiş əsərləri (1998)
- Qu quşları öləndə oxuyurlar (1988)
- Böhtan(roman) (1998)
- Ata, qız və bostonlu Franklin (1999)
- Seçilmiş əsərləri (3 cilddə) (2007)
Mükafatları
[redaktə | vikimətni redaktə et]Hüseyn İbrahimovun Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlər layiqincə qiymətləndirilmiş və xidmətlərinə görə beş medalla təltif olunmuşdur. O, 1994-cü ildə anadan olmasının 75 illiyinə və Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Həmçinin 2002-ci ildə prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.[1]
Vəfatı
[redaktə | vikimətni redaktə et]Hüseyn İbrahimov 10 aprel 2008-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.[1]
Xatirəsi
[redaktə | vikimətni redaktə et]2019-cu ilin oktyabrında Azərbaycan Dövlət Akademik Filarmoniyasında Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunmuşdur.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
- ↑ Real TV. "Hüseyn İbrahimovun yubileyi keçirilib" (az.). Youtube.com. 08.10.2019. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Xalq yazıçısı Hüseyn İbrahimov (məqalələr, xatirələr, təbriklər, toplayıb çapa hazırlayan Hüseyn Həşimli). Bakı: Yurd, 1999
- 23 mayda doğulanlar
- 1919-cu ildə doğulanlar
- Şahtaxtıda doğulanlar
- 10 apreldə vəfat edənlər
- 2008-ci ildə vəfat edənlər
- 88 yaşında vəfat edənlər
- Naxçıvanda vəfat edənlər
- Bakı Dövlət Universitetinin məzunları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin VI çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin VII çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin VIII çağırış deputatları
- Naxçıvan MSSR mədəniyyət nazirləri
- Naxçıvan MSSR Ali Sovetinin sədrləri