Beynəlxalq Olimpiya Komitəsi
Beynəlxalq Olimpiya Komitəsi IOC, CIO | |
---|---|
International Olympic Committee Comité international olympique | |
Yaranma tarixi | 23 iyun 1894[1] |
Rəsmi dili | |
Mərkəzi | |
Qurucusu | |
Sədr | Tomas Bax |
olympics.com/ioc | |
Vikianbarda əlaqəli mediafayllar |
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat.
Məlumat
[redaktə | mənbəni redaktə et]Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir.
BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
Prezidentləri
[redaktə | mənbəni redaktə et]BOK-un prezidenti növbəti 4 ilə seçilmək hüquqi ilə 8 il müddətinə seçilir. Prezidentləri:
- D. Vikelas — Yunanıstan, 1894–96-cı illər;
- P. de Kuberten — Fransa, 1896–1916-cı və 1919–25-ci illər;
- Q. de Blone — İsveçrə; 1916–19-cu illərdə prezident vəzifəsini icra etmişdir;
- A. de Baye-Latur — Belçika, 1925–42-ci illər;
- Z. Edström — İsveçrə, 1946–52-ci illər, 1942–46-cı illərdə prezident vəzifəsini icra etmişdir;
- E. Brendec — ABŞ, 1952–72-ci illər;
- Lord M. Killanin — İrlandiya, 1972–80-ci illər;
- X. A. Samaranç — İspaniya, 1980–2001-ci illər, 2001–10-cu illərdə fəxri prezident;
- Jak Roqqe — 2001-ci ildən BOK-un prezidentidir.
Beynəlxalq Olimpiya Komitəsinin üzvləri
[redaktə | mənbəni redaktə et]2011-ci ildən BOK-un 110 üzvü (o cümlədən 19 qadın) və 28 fəxri üzvü (o cümlədən 1 qadın) vardır. Ali orqanı üzvlərinin ümumi yığıncağı – sessiyadır. Sessiya bir qayda olaraq, ən azı ildə 1 dəfə çağırılır. BOK-un fövqəladə sessiyası ya prezident tərəfindən, ya da üzvlərin yazılı xahişi əsasında (35 üzv dən az olmamaq şərtilə) çağırıla bilər. Olimpiya oyunlarının təşkil olunduğu ildə sessiya 2 dəfə keçirilir. 2007-ci ildə BOK-un Qvatemaladakı sessiyasında 4 ildən bir Yeniyetmələrin Olimpiya Oyunlarının (idmançıların yaş həddi 14-dən 18-ə qədər) keçirilməsi haqqında qərar qəbul edilmişdir; 1-ci yay oyunları Sinqapurda (2010) keçirilmiş, 1-ci qış oyunları İnsbrukda (2012) keçiriləcəkdir. 2011-ci ildə 205 milli olimpiya komitəsi, o cümlədən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi BOK-un üzvüdür.
Beynəlxalq Olimpiya Komitəsinin üzvləri milli olimpiya komitələri deyil, 115 nəfərdən çox olmayaraq fiziki şəxslərdir. Onlardan 70-i hansısa vəzifə və fəaliyyətlə bağlı olmamalıdır, 15-i fəaliyyətdə olan idmançı, 15-i beynəlxalq idman federasiyalarının təmsilçiləri, 15-i milli olimpiya komitələri və ya assosiasiyalarının nümayəndələri olmalıdır.
Milli olimpiya komitələri Beynəlxalq Olimpiya Komitəsinin tanınması ilə fəaliyyət göstərirlər. Beynəlxalq Olimpiya Komitəsi fəaliyyətində Olimpiya xartiyasına əsaslanır. 2012-ci ilin əvvəlinə 204 MOK vardır. Onlardan 192-i BMT üzvləri, 12-i müxtəlif statuslu asılı ərazilərdir. BMT üzvü olaraq BOK üzvü olmayan yeganə dövlət Cənubi Sudandır. Hər bir milli olimpiya komitələri öz qitə Olimpiya assosiasiyalarının tabeliyindədir:
- Afrika — ANOCA (ing. Association of National Olympic Committees of Africa — Afrika Milli Olimpiya Komitələri Assosiasiyaları, 53 ölkə)
- Amerika — PASO (ing. Pan American Sports Organisation — Panamerika İdman Təşkilatı, 42 ölkə)
- Asiya — OCA (ing. Olympic Council of Asia — Asiya Olimpiya Şurası, 45 ölkə)
- Avropa — EOC (ing. European Olympic Committees — Avropa Olimpiya Komitələri, 49 ölkə)
- Okeaniya — ONOC (ing. Oceania National Olympic Committees — Okeaniya Milli Olimpiya Komitələri, 17 ölkə)[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 525–526. ISBN 978-9952-441-07-9.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti cənab Tomas Baxa
- Beynəlxalq Olimpiya Komitəsi məhkəmənin bəraət qərarına məhəl qoymayaraq Rusiya idmançılarını Olimpiyadaya buraxmayacaq
- Beynəlxalq Olimpiya Komitəsi rəhbərliyində istefa
- Küveyt Milli Olimpiya Komitəsi fəaliyyətinə hökumətin müdaxiləsi üzündən diskvalifikasiyaya məruz qalıb.