Bakı. Trend:
Hormonal sağlamlıq dedikdə, qanda hormonların miqdarının normada olması, endokrinoloji sistemin normal fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu barədə Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin endokrinoloqu Günel Mahmudova deyib.
Trend G.Mahmudova ilə müsahibəni təqdim edir
- Günel xanım, ilk öncə hormonal sağlamlıq haqqında məlumat verərdiniz...
- Hormonlar orqanizmdə orqan və sistemlərin fəaliyyətində mühüm
rol oynayıb, orqanizmin inkişafını tənzimləyirlər. Bundan əlavə,
hormonlar daxili sekresiya vəzlərinin spesifik məhsulu olub bütün
orqanizmə təsir edirlər. Onlar qan və ya limfa vasitəsilə yayılaraq
distant təsirə malikdirlər.
Sinir sistemi ilə endokrinoloji sistem arasında çox sıx əlaqə var.
Hipofizin hormonları periferik endokrin vəzlərin fəaliyyətini
tənzimləməklə yanaşı, mübadilənin müxtəlif növlərinə də aktiv təsir
göstərirlər. Belə ki, hormonlar böyüməni, cinsi inkişafı, daxili
homeostazın sabitliyini təmin edir. Böyümə hormonu sümüklərin,
boyun inkişafını təmin edir. Mədəaltı vəzin hormonu olan insulin,
qlükaqon qanda şəkərin miqdarının normada olmasını tənzimləyir.
Prolaktin laktasiyanı təmin edir və reproduktiv funksiyaya da təsir
göstərir.
Daxili sekresiya vəzlərinin normadan az və ya çox hormon ifraz
etməsi isə hormonal disbalansa səbəb olur. Hormonal disbalans
müxtəlif endokrinoloji xəstəliklərin nəticəsində əmələ gəlir.
- Hormon analizləri hansı şəraitdə götürülməlidirlər?
- Hormon analizləri üçün qan nümunəsi əsasən ac qarına, səhər
saatlarında götürülür. Bunlara əsasən qalxanvari vəz hormonları
(sərbəst T4, sərbəst T3), insulin, hipofiz hormonları (Prolaktin,
LH, FSH, TSH və s) aiddir. Prolaktin hormonu yoxlanılması üçün
yuxudan oyandıqdan 2 saat sonra, xəstənin sakit vəziyyətində qan
nümunəsi götürülməlidir. Qadınlarda cinsi hormonların sintezi
menstrual sikl müddətində dəyişir. Cinsi hormon analizlərinin (FSH,
LH, Estradiol və s.) yoxlanılması üçün qan nümunəsi qadınlarda
menstrual siklin follikulyar fazasında, 2-5-ci günlərində
götürülməlidir.
Bəzi hormonların yoxlanılmasında dinamik testlərdən istifadə
olunur. Böyümə hormonu pulsatil ifraz olunur, ən yüksək səviyyəyə
gecə saatlarında çatır. Buna görə də böyümə hormonu tək
yoxlanılmır. Stasionar şəraitdə İnsulin hipoqlikemiya testi edilib
yoxlanılır. Böyrəküstü vəz çatışmazlığı şübhəsi olan xəstələrə AKTH
stimulyasiya testi, Kuşinq sindromu xəstələrinin aşkarlanması üçün
Deksametazon supressiya testi aparılır. Bəzi endokrinoloji
xəstəliklərdə 24 saatlıq sidikdə hormonların və ya metabolitlərin
miqdarına baxılır. Bunlara 24 saatlıq sidikdə kortizol,
17-ketosteroidlər, katexolaminlər, metanefrin, kalsium və s.
daxildir.
- Genetik xəstəliyi olan şəxslərdə hormonal disbalans müşahidə olunurmu?
- Genetik xəstəliklərin bir qismində hormonal disbalans müşahidə olunur. Bu xəstəliklərə Şereşevski-Terner sindromu, Klaynnfelter, Kallman, Prader-Villi sindromları, MEN sindromlar və s. aiddir. Şereşevski-Terner sindromu xəstələrinin boyu qısa olmaqla yanaşı, qonadal disgeneziya olur. Onların boynu hər iki tərəfdən çiyinlərə sanki qanadlar vasitəsilə birləşmiş kimi olur. Başın tükləri ön tərəfdən qaşlara, ənsə nahiyəsində isə çox aşağı, sanki çiyinlərdən başlayır. Bu xəstələrdə polidaktiliya (barmaqların sayının çoxluğu) və anadangəlmə ürək qüsurları (aortal stenoz), hipotiroidizm, osteoporoz da olur. Kallman sindromu xəstələrində hipoqonadotropik hipoqonadizm, anosmiya (qoxu hissinin olmaması) yaranır. Klaynfelter sindromu xəstələrində sonsuzluq, ginekomastiya rast gəlinir. Testosteron səviyyəsi aşağı olur. Prader-Villi sindromunda hipoqonadotropik hipoqonadizm, hiperfaqiya-piylənmə, xroniki əzələ hipotoniyası müşahidə edilir.
- Hestasion şəkərli diabet nədir? Hamiləliyin normal inkişafı üçün qadınlar hansı müayinələrdən keçməlidirlər?
- Hestasion şəkərli diabet (HŞD) hamiləlikdən öncə olmayan,
hamiləlik müddətində aşkarlanan diabet növüdür. Hamiləlik dönəmində
metabolik dəyişikliklərlə bağlı insulin rezistentliyinin yaranması
insulinə ehtiyacın artmasına, qlükozaya tolerantlığın pozulmasına
səbəb olur.
Hamilə qadınlar hamiləliyin hər trimestrində ginekoloq tərəfindən
məsləhət görülən müayinələrdən keçirlər. Bütün hamilə qadınlarda
ilk prenatal müayinədə aclıq qlükoza yoxlanılmalıdır. Aclıq
qlükozası norma olan bütün hamilələr hamiləliyin 24-28-ci
həftəsində OQTT (Oral Qlükoza Tolerant Testi) müayinəsindən
keçirilməlidirlər. Hazırda OQTT tək mərhələli və ya iki mərhələli
aparılır. Bu, hamiləlik diabetinin aşkarlanması üçün vacibdir.
Hestasion diabeti zamanı karbohidrat mübadiləsinin pozğunluğu zəif
dərəcədə olur və bunun nizamlanması üçün əksərən pəhrizlə hədəf qan
qlükoza dəyərinə nail oluruq. Əgər hədəf qan qlükoza dəyərlərinə
nail olmasaq, insulin müalicəsinə keçirik.
Hestasion diabeti olan bütün hamilə qadınlara evdə qan qlükoza
ölçümü öyrədilməlidir. HŞD olan hamilə qadınların bir qismində
doğuşdan sonra normal qlükoza səviyyəsi bərpa olunsa da, gələcəkdə
şəkərli diabet xəstəliyi riski var. Buna görə də doğuşdan sonrakı
dövrdə qan qlükoza səviyyəsi normal olsa belə, 4-12 ci həftələrdə
yenidən OQTT keçirilməlidir.
- Qalxanvari vəz hormonları hansılardır?
- Qalxanvari vəz xəstəliklərinin diaqnostikası qanda sərbəst T4,
sərbəst T3, TSH hormonlarının yoxlanılması, qalxanvari vəzin USM və
ehtiyac olarsa, qalxanvari vəzin sintiqrafiyası, Tiroid İİAB
vasitəsilə aparılır.
Qalxanvari vəz hormonları kalsitonin, sərbəst T4, sərbəst T3
hormonlarıdır, TSH isə hipofiz vəzinin hormonudur. Hipofiz vəzi
qalxanvari vəzə birbaşa nəzarət edir. Periferik qanda dövr edən
tiroid hormonlarının 3/4 hissəsi Tiroksin, 1/4 hissəsi
Triyodtironindən ibarətdir. Bu hormonlar böyüməni təmin edir, əqli
inkişafa təsir edirlər. Onların çatışmazlığı (hipotiroidizm) zamanı
xəstələr halsızlıqdan, ümumi zəiflikdən, dərinin quruluğundan,
sifətlərində və əllərində şişkinlikdən, yuxululuqdan, artıqlığı
zamanı isə xəstələr istiyə dözümsüzlük, ishala meyllik, arıqlama,
əsəbilikdən və s. şikayətlər edirlər.