Bejan (Meqreliya knyazı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bejan
gürc. ბეჟან დადიანი
1715 – 1728
ƏvvəlkiIV Georgi
SonrakıOtiya
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Kutaisi, Gequti sarayı
Atası IV Georgi
Anası Sevdia Mikeladze
Həyat yoldaşı Tamara Qelovani[1]

Bejan (gürc. ბეჟან დადიანი) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1715-1728-ci illərdə hakimiyyətdə olmuşdur. 1728-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür.

Bejan Meqreliya knyazı IV Georginin və Sevdia Mikeladze adlı qadının oğludur. IV Georgi 1704-cü ildə böyük oğlu Katsianı Meqreliya knyazı elan etdi. Bejanı isə kiçik qardaşı Yesenin yerinə Leçumi valisi təyin etdi. 1709-cu ildə Bejan qardaşı Katsia ilə birləşərək atası IV Georgini Abxaziyaya sürgün etdi. 1710-cu ildə IV Georgi öz səyləri ilə Meqreliyaya geri döndü və həmin ildə vəfat edən Katsianın yerinə yenidən Meqreliya taxtına oturdu.[2][3]

Bejan 1715-ci ildə ailədaxili münaqişələri həll etmək bəhanəsi ilə atasını öz yanına dəvət etdi. Atasının təklifi qəbul etməsindən istifadə edən Bejan onu tərksilah etdi və hakimiyyətdən uzaqlaşdırdı. Tezliklə Meqreliya taxtına oturan Bejan atası kimi İmeretinin daxilindəki hakimiyyət mübarizələrinə qarışırdı. Bejan 1720-ci ildə Osmanlılar ilə bağladığı razılaşmaya əsasən İmereti çarı VII Georginin taxtdan salınmasına və onun yerinə V Aleksandrın hakimiyyətə gəlməsinə kömək etdi. Həmçinin nikah diplomatiyası ilə İmeretidəki mövqeyini gücləndirdi. Belə ki, qızı Məryəmi V Aleksandr ilə evləndirdi. Bu dövrdə Bejan İmeretidəki ən nüfuzlu zadəganı sayılırdı. Faktiki olaraq İmereti Osmanlılar və Bejan tərəfindən bölünmüşdü. Osmanlılar İmeretinin paytaxtı Kutaisidə, Bejan isə Gürcüstanın qərb hissəsində nəzarəti öz əlinə keçirmişdi. V Aleksandra sadəcə çar ailəsi mülklərini idarə etmək hüququ verimişdi.[2][3]

Bejanın V Aleksandr ilə münasibətləri yaxşı deyildi. Hətta Bejan V Aleksandrı öldürmək fikrinə düşsə də, sonradan bu fikirdən daşınmışdır. Bejan ona qarşı olan zadəganlara qarşı qəddar idi. O, müxalif zadəganları ya öldürür, ya da həbs etdirirdi. Ona qarşı fəaliyyətlərinə görə qardaşı Manuçarı həbs atdırmış, Çqondidi yepiskopu olan digər qardaşı Qabrieli isə vəzifəsindən uzaqlaşdırmışdı. Bejan və V Aleksandr arasından münasibətlər isə sonraki dövrlərdə düzəlmişdir. Hər iki hökmdar birləşərək 1726-cı ildə Raça eristavı üzərinə yürüş təşkil etmişdilər.[2][3]

Bejan 1728-ci ildə Kutaisi şəhərindəki Gequti sarayında sui-qəsd nəticəsində öldürüldü. Ondan sonra Meqreliya taxtına oğlu Otiya çıxdı.[2][3]

  1. Grebelsky, P. Kh.; Dumin, S.V.; Lapin, V.V. (1993). Дворянские роды Российской империи. Том 4: Князья Царства Грузинского [Noble families of the Russian Empire. Vol. 4: Princes of the Kingdom of Georgia] (in Russian). Vesti. pp. 46–47.
  2. 1 2 3 4 Bagrationi, Vakhushti. Nakashidze, N.T. (redaktor). История Царства Грузинского [History of the Kingdom of Georgia] (PDF) (Russian). Tbilisi: Metsniereba. 1976. 156–157, 163. 2014-02-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-30.
  3. 1 2 3 4 Rayfield, Donald. Edge of Empires: A History of Georgia. London: Reaktion Books. 2012. 228–229, 230, 234. ISBN 1780230303.